BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp İranın neft resurslarını nəzarətə götürmək barədə iddialı və mübahisəli planlarını yenidən gündəmə gətirib.
TurkicWorld xəbər verir ki, Tramp özünün "Truth Social" platformasında paylaşdığı mesajında İran müharibəsinin iqtisadi hədəflərini açıq şəkildə bəyan edib: "Bir az vaxt keçsin, biz Hörmüz boğazını asanlıqla aça, nefti ələ keçirə və nəhəng sərvət qazana bilərik".
Prezident Trampın bu yanaşması onun regional böhrana yalnız hərbi deyil, həm də "biznes layihəsi" kimi baxdığını göstərir. O, "Financial Times" qəzetinə verdiyi son müsahibəsində də İranın iqtisadiyyatının "ürəyi" sayılan və ixracatın 90%-ni təmin edən Xark adasını ələ keçirmək niyyətini gizlətməyib. Tramp bu ssenarini Venesuelada həyata keçirdiyi taktika ilə müqayisə edərək, neft sənayesinin "qeyri-müəyyən müddətə" ABŞ-ın nəzarətinə keçməli olduğunu bildirib.
Xatırladaq ki, fevralın 28-dən başlayan "Epik Qəzəb" (Epic Fury) əməliyyatı çərçivəsində ABŞ və İsrail qüvvələri İranın hərbi dəniz və hava qüvvələrinə, həmçinin raket proqramına ağır zərbələr endirib. Lakin Trampın bu aqressiv ritorikası və neft infrastrukturlarını hədəf alması qlobal enerji bazarlarında ciddi təşviş yaradıb. ABŞ ictimaiyyəti isə 2003-cü il İraq müharibəsindən bəri ən böyük hərbi əməliyyata hələ də kifayət qədər dəstək nümayiş etdirmir.







