BAKI, TurkicWorld, Orxan Qədirzadə
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi ölkədə yaşayan İran vətəndaşlarının cəmiyyətin "hörmətli və dəyərli" bir hissəsi olduğunu bildirərək, dövlətin onların təhlükəsizliyini və hüquqlarını qorumağa sadiq olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, nazirlik tərəfindən yayılan rəsmi açıqlamada ölkədəki bütün sakinlərin hüquqi müstəvidə müdafiə olunacağı vurğulanıb.
Təxminən yarım milyon İran vətəndaşının yaşadığı, xüsusilə Dubayda cəmləşdiyi Birləşmiş Ərəb Əmirlikləri qanunun aliliyinə əsaslanan təhlükəsiz və sabit mühiti qoruyub saxlayacağını bildirib. Nazirliyin bəyanatında qeyd olunur ki, bu addım ölkənin dözümlülük və birgəyaşayış kimi sarsılmaz dəyərlərini əks etdirir. Dövlət bütün sakinlərin hüquqlarının qorunmasına təminat verdiyini bir daha xatırladıb.
Qeyd edək ki, bu rəsmi bəyanat BƏƏ-nin aviaşirkətlərinin dünənki qərarından sonra verilib. Həmin qərara əsasən, bəzi istisnalar olmaqla, İran vətəndaşlarının Əmirliklərin hava limanlarından ölkəyə girişi və ya tranzit keçidi qadağan edilmişdi. Xarici İşlər Nazirliyinin açıqlaması bu məhdudiyyətlərin ölkə daxilində artıq məskunlaşmış İranlı sakinlərin hüquqlarına təsir etməyəcəyinə dair bir ismarıc kimi qiymətləndirilir.







