BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranın raket hücumları və Livandan atılan raket nəticəsində İsrailin Hayfa şəhərində yerləşən "Bazan" neft emalı zavodunda güclü yanğın baş verib.
TurkicWorld xəbər verir ki, strateji obyektin vurulma görüntüləri ölkənin "12-ci kanal"ı tərəfindən yayımlanıb.
İlkin məlumatlara görə, yanğının birbaşa raket zərbəsi, yoxsa hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qəlpələri nəticəsində yarandığı hələlik dəqiqləşdirilməyib. Fövqəladə hallar xidmətinin bildirdiyinə görə, ölkənin şimalına edilən son hücumlar nəticəsində iki nəfər yaralanıb ki, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyi "Bazan" kompleksindəki insidentdən sonra ətrafa təhlükəli maddələrin sızması riskinin aşkar edilmədiyini bəyan edib.
Eyni zamanda, İsrail ordusu Livanın cənubunda davam edən döyüşlərdə itki verdiyini açıqlayıb. Tank əleyhinə raketin hədəfə dəyməsi nəticəsində 401-ci zirehli briqadanın 19 yaşlı serjantı Liran Ben-Sion həlak olub, bir zabit isə ağır yaralanıb. Bununla da "Hizbullah"a qarşı yenidən başlayan hücum əməliyyatlarında həlak olan israilli hərbçilərin sayı 6-ya çatıb.
Məlumata əsasən, ölkənin şimalında ümumilikdə 6 raket düşməsi faktı qeydə alınıb. Raketlərdən üçü Kiryat-Ataya, ikisi Hayfaya, biri isə Şfaram bölgəsinə düşüb.







