BAKI, TurkicWorld, Orxan Qədirzadə
Fələstinin Məskunlaşmaya Qarşı Müqavimət Heyəti son bir ay ərzində İordan çayının qərb sahilində məskunlaşan yəhudi mühacirlər tərəfindən fələstinlilərə qarşı 443 hücumun həyata keçirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, heyətin rəhbəri Müəyyəd Şabanın şənbə günü yaydığı bəyanatda bildirilir ki, bu hücumlar nəticəsində 9 fələstinli həyatını itirib, 6 bədəvi icması isə məcburi şəkildə öz yurdlarından köçürülüb. Bu köçürülmə dalğası 256 nəfərdən ibarət olan 58 ailəyə, o cümlədən 79 qadın və 166 uşağa birbaşa təsir göstərib. Hücumların əsasən Nablus və Əl-Xəlil (Hebron) şəhərlərində intensivləşdiyi qeyd olunur.
Məlumata görə, qeydə alınan insidentlər arasında birbaşa atəş açılması, evlərin və mülkiyyətin yandırılması, həmçinin dini ibadət yerlərinə hücumlar yer alır. Şaban vurğulayıb ki, son dörd həftə ərzində 14 yeni qeyri-qanuni məskunlaşma məntəqəsinin yaradılmasına cəhd göstərilib, 123 vandalizm aktı törədilib və 225 hektar torpaq hərbi məqsədlər üçün müsadirə edilib. Heyət rəhbəri beynəlxalq ictimaiyyətin diqqətinin regiondakı müharibəyə yönəlməsindən istifadə edərək İordan çayının qərb sahilində coğrafi və demoqrafik reallığın dəyişdirilməsi cəhdlərinin olduğunu deyib.







