BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü, martın 21-də yaydığı rəsmi bəyanatda İranın 8 mindən çox hərbi obyektinə, o cümlədən 130 gəmisinə zərbələr endirildiyini bildirib.
TurkicWorld xəbər verir ki, ABŞ tərəfi bu əməliyyatı İkinci Dünya müharibəsindən bəri qısa zaman kəsiyində (üç həftə ərzində) hərbi-dəniz qüvvələrinin ən böyük miqyaslı ləğvi kimi qiymətləndirib. CENTCOM komandanı, admiral Bred Kuperin sözlərinə görə, son üç həftə ərzində İranın hərbi-dəniz donanması ağır itkilərə məruz qalıb və Tehranın beynəlxalq gəmiçilik üçün təhlükə yaratmaq imkanları kəskin şəkildə zəiflədilib. Admiral ABŞ artilleriyasının və yüksək dəqiqlikli raketlərinin "misilsiz məhvedici gücünü" xüsusi vurğulayaraq, Tehranın kəşfiyyat dəstəyi və radar sistemlərinin tamamilə iflic edildiyini qeyd edib.
İran tərəfi bu bəyanatlara cavab olaraq ABŞ və İsraili "nüvə terrorizmi"ndə ittiham edib və Nətənzdəki uranın zənginləşdirilməsi kompleksinə səhər saatlarında hücum edildiyi faktını təsdiqləyib. İranın Atom Enerjisi Təşkilatı bu hərəkətləri beynəlxalq hüququn pozulması və cinayət adlandırsa da, binaların dağılmasına baxmayaraq, radiasiya sızmasının qeydə alınmadığını və nüvə proqramının "daha böyük qüvvə ilə" bərpa olunacağını bəyan edib.
Rəsmi Tehran CENTCOM-un donanmanın itirilməsi barədə hesabatlarını "psixoloji müharibə" və təbliğat adlandırıb. İran rəhbərliyi ölkənin əsas hərbi potensialının yeraltı bazalar sistemi sayəsində qorunub saxlanıldığını iddia edir. Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanındakı ABŞ və Britaniya obyektlərinə cavab olaraq ballistik raketlərin atıldığını və Hörmüz boğazında "təcavüzkar ölkələrin" gəmiləri üçün məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.






