BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazının bağlanması fonunda Çin hökuməti Tayvana "enerji təminatı müqabilində birləşmə" təklifi verib.
TurkicWorld xəbər verir ki, Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhuan Pekinin Tayvanı sabit və etibarlı enerji resursları ilə təmin etməyə hazır olduğunu bəyan edib.
Tayvan tərəfi isə bu təklifə hələlik rəsmi cavab verməsə də, ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ və digər alternativ mənbələrdən tədarükü artırdığını bildirib. Taybey rəsmiləri Çinin suverenlik iddialarını rədd edərək, adanın gələcəyini yalnız xalqın təyin edə biləcəyini vurğulayırlar. Hazırda Tayvan maye qazın (LNG) üçdə birini Qətərdən idxal edir və Çindən enerji asılılığı yoxdur.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Pekinə planlaşdırılan səfəri təxirə salınıb. Ağ Evin mətbuat katibi Karolayn Livitt bildirib ki, tərəflər yeni tarix üzərində işləyirlər. Tramp daha əvvəl işarə etmişdi ki, səfərin baş tutması Çinin Hörmüz boğazının açılmasında göstərəcəyi köməkdən asılı ola bilər. Qeyd edək ki, Çin hazırda 1,4 milyard barellik nəhəng neft ehtiyatına malikdir və bu ehtiyatlar Hörmüz boğazının tam qapalı qaldığı ssenari üçün nəzərdə tutulub.







