Son dəqiqə

partlayış terror aktı Yaxın Şərq təhlükəsizlik Təhqiqat mədəniyyəti

Osloda ABŞ səfirliyində partlayış baş verib

BAKI,TurkicWorld
Norveç polisi bildirib ki, bu gün – bazar günü səhər erkən saatlarda ABŞ-ın Oslodakı səfirliyində partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, binaya cüzi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 01:00 radələrində Oslonun qərbində yerləşən səfirlik kompleksindən partlayış səsi eşidilib və ərazidən tüstü yüksəldiyi görülüb.
Oslo polisi partlayışın konsulluq şöbəsinin girişində baş verdiyini və hadisə yerinə dərhal partlayıcı mütəxəssislərin cəlb olunduğunu bildirib. Daha sonra aparılan araşdırmalar nəticəsində ərazidə başqa hər hansı bir partlayıcı maddənin tapılmadığı qeyd edilib.
Oslo polisinin yaydığı bəyanatda deyilir: "Hadisə yerində xidməti itlər, dronlar və helikopterlərin köməyi ilə cinayəti törədən ehtimal olunan şəxs və ya şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilib".
Polis hadisə ilə bağlı səfirliklə daim təmasda olduğunu və partlayışdan bir neçə saat sonra binanın ətrafındakı ərazinin sakinlər və yoldan keçənlər üçün tam təhlükəsiz olduğunu təsdiqləyib.
Qeyd edək ki, Yaxın Şərqdə davam edən müharibə səbəbindən ABŞ-ın regiondakı səfirlikləri yüksək hazırlıq vəziyyətinə gətirilib və son günlərdə onlardan bir neçəsi hücumlara məruz qalıb. Lakin Norveç polisi Oslodakı hadisənin münaqişə ilə əlaqəli olduğuna dair hər hansı bir sübut təqdim etməyib. Partlayışın səbəbləri və arxasındakı motivlər barədə hələlik rəsmi məlumat verilməyib.

Mövzuya görə xəbərlər