BAKI, TurkicWorld, Nailə Babazadə
Qəzzadakı Fələstin hökumətinin Media Ofisi tərəfindən yayımlanan rəsmi hesabata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs razılaşmasından keçən 4 aylıq müddət ərzində İsrail ordusu tərəfindən sistematik qanun pozuntuları qeydə alınıb.
TurkicWorld xəbər verir ki, hesabatda bildirilir ki, İsrail bu müddətdə razılaşmanı 1620 dəfə pozub və beynəlxalq humanitar hüququn prinsiplərini qəsdən sarsıdıb. İsrail ordusunun pozuntuları arasında 560 dəfə birbaşa atəş açılması, 79 dəfə hərbi texnika ilə yaşayış məntəqələrinə daxil olma, 749 dəfə bombardman və 232 yaşayış binasının partladılması yer alır.
Atəşkəs dövründə baş verən hücumlar nəticəsində ən azı 573 fələstinli həyatını itirib. Ölənlərin 292-si uşaqlar, qadınlar və yaşlılardır; həlak olanların 99 faizinin mülki şəxslər olduğu xüsusi vurğulanıb. Yaralıların sayı isə 1553 nəfərə çatıb ki, onların da mütləq əksəriyyəti uşaq və qadınlardır. Yaralıların demək olar ki, hamısı razılaşma ilə müəyyən edilmiş və hərbi əməliyyatların qadağan olunduğu "Sarı Xətt"in o tayında, dinc sakinlərin məskunlaşdığı bölgələrdə hədəf alınıb. Həmçinin, bu dövr ərzində 50 fələstinli yaşayış sahələrindən qaçırılaraq saxlanılıb.
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmanın birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasını, əsirlərin mübadiləsini və İsrail ordusunun Qəzza zolağının 50 faizdən çoxundan çəkilməsini nəzərdə tuturdu. Hazırda Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun rəhbərliyi ilə razılaşmanın ikinci mərhələsinə start verilib. Bu mərhələdə Qəzzanın idarə edilməsi üçün Ali Şaasın başçılığı ilə texnokratlardan ibarət Milli Komitənin qurulması və İsrail ordusunun bölgədən mərhələli şəkildə tam çıxarılması hədəflənir.







