BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran İslam Respublikası ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyaların tamamilə aradan qaldırılacağı təqdirdə uranın zənginləşdirilməsi səviyyəsini aşağı salmağa hazır olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Vaşinqtonla diplomatik təmasların bərpasından sonra məlumat verib.
IRNA agentliyinin yaydığı məlumata görə, Məhəmməd Eslami uranın 60 faizdən aşağı səviyyədə zənginləşdirilməsinin yalnız sanksiyaların ləğvi şərti ilə texnoloji cəhətdən mümkün olduğunu vurğulayıb. O qeyd edib ki, bu addım qarşı tərəfin öhdəliklərini yerinə yetirməsindən asılıdır. Eyni zamanda, İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin rəhbərlik etdiyi nümayəndə heyəti Omanın paytaxtı Məsqətə səfər edib. Səfər çərçivəsində regional təhlükəsizlik və ABŞ-la aparılan dolayı danışıqların növbəti mərhələsinin detalları müzakirə olunur.
Xatırladaq ki, Tehran və Vaşinqton arasında səkkiz aylıq fasilədən sonra Omanın vasitəçiliyi ilə bərpa olunan danışıqlar regionda gərginliyin azaldılmasına xidmət edir. Diplomatik mənbələr bildirir ki, İran tərəfi nüvə proqramı ilə bağlı güzəştləri yalnız real iqtisadi dividendlər müqabilində nəzərdən keçirir. Bu proseslər ötən il ABŞ-ın İranın strateji obyektlərinə endirdiyi zərbələrdən sonra tərəflər arasında ilk ciddi təmas hesab olunur.