BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp İranın hərbi qarşıdurmadan yayınaraq danışıqlara üstünlük verdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Donald Tramp ABŞ–İran danışıqları ərəfəsində verdiyi bəyanatda İranın müharibə istəmədiyini bildirib. Prezidentin sözlərinə görə, Tehran Vaşinqtonla hərbi toqquşma yox, diplomatik müzakirələr yolu ilə razılaşmaya nail olmağa çalışır.
“İran müzakirə istəyir, onlar vurulmağı istəmirlər”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ–İran arasında yeni danışıqların fevralın 6-da, cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır. Danışıqlar ərəfəsində ABŞ dövlət katibi Marko Rubio da proseslə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, müzakirələrin real və nəticəyönümlü olması üçün bir sıra əsas məsələlər gündəmə daxil edilməlidir.
Rubio bildirib ki, danışıqların uğurla nəticələnməsi balistik raket proqramı ilə bağlı məhdudiyyətlərin müzakirəsindən asılıdır. Dövlət katibi əlavə edib ki, gündəmdə ballistik raketlərin mənzili, İranın regionda silahlı qruplara verdiyi dəstək, nüvə proqramı və ölkə daxilində insan hüquqları ilə bağlı məsələlər yer almalıdır.
ABŞ rəsmilərinin açıqlamaları Vaşinqtonun Tehranla dialoqa açıq olduğunu göstərsə də, tərəflər arasında ciddi fikir ayrılıqlarının qalmaqda davam etdiyi vurğulanır. Analitiklərin fikrincə, Maskat danışıqları ABŞ–İran münasibətlərində gələcək gərginliyin azaldılması və ya yeni mərhələyə keçid baxımından həlledici ola bilər.