BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ mediası İranla ABŞ arasında planlaşdırılan danışıqlarla bağlı diqqətçəkən iddia irəli sürüb.
TurkicWorld xəbər verir ki, ABŞ mətbuatında diplomatik mənbələrə istinadla yayılan xəbərlərdə İranın cümə günü ABŞ-la keçirilməsi nəzərdə tutulan danışıqların İstanbuldan Omana köçürülməsini istədiyi bildirilir. Xəbərlərə görə, İran tərəfi görüşlərin Türkiyədə deyil, başqa məkanda baş tutmasını təklif edib.
Mənbələrin məlumatına əsasən, Tehran yalnız məkanın dəyişdirilməsini deyil, danışıqların formatının da yenilənməsini tələb edir. Belə ki, İran tərəfi görüşlərin yalnız ikitərəfli formatda keçirilməsində israrlıdır.
Bu tələblər fonunda cümə günü İstanbulda keçirilməsi planlaşdırılan toplantının formatının və yerinin dəyişə biləcəyi, tərəflərin Omanda bir araya gəlməsi ehtimalının yarandığı qeyd olunur. Rəsmi Vaşinqton və Tehran hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Analitiklərin fikrincə, danışıqların yeri və formatı ətrafında yaranan bu qeyri-müəyyənlik ABŞ–İran münasibətlərində mövcud həssaslığın davam etdiyini göstərir.