BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ Müdafiə Nazirliyi 2026-cı il üçün Milli Müdafiə Strategiyasını açıqlayaraq hərbi prioritetlərdə köklü dəyişiklik etdiyini bəyan edib.
TurkicWorld xəbər verir ki, yeni strategiyaya əsasən ABŞ ordusu əsas diqqəti ölkə daxilində təhlükəsizliyin təmin edilməsinə və Çinin hərbi-siyasi təsirinin qarşısının alınmasına yönəldəcək. Sənəddə Avropa və digər regionlardakı müttəfiqlərə verilən dəstəyin “daha məhdud” olacağı açıq şəkildə qeyd olunub və bu ölkələrin öz müdafiə məsuliyyətlərini əsasən öz üzərlərinə götürməli olduqları vurğulanıb.
Pentagonun sənədində bildirilir ki, ABŞ qüvvələri Hind-Sakit okean bölgəsinə və daxili müdafiəyə fokuslandığı bir vaxtda, digər bölgələrdəki tərəfdaşlar yalnız “məhdud, lakin kritik” dəstək alacaq. Bu yanaşma əvvəlki administrasiyanın siyasətindən ciddi şəkildə fərqlənir.
Yeni strategiyada Çinlə münasibətlərdə “hörmətə əsaslanan yanaşma” tövsiyə olunur, Rusiya isə NATO-nun şərq cinahına təsir göstərən “davamlı, lakin idarəolunan təhlükə” kimi xarakterizə edilir. Sənəddə Tayvan məsələsinə ümumiyyətlə toxunulmaması diqqət çəkir.
Strategiyada sərhəd təhlükəsizliyi xüsusi ön plana çıxarılır. ABŞ administrasiyası əvvəlki hökuməti sərhəd nəzarətinə lazımi diqqət yetirməməkdə ittiham edərək, bunun qeyri-qanuni miqrasiyanın və narkotik dövriyyəsinin artmasına səbəb olduğunu bildirir. Sənəddə sərhədlərin qorunmasının milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğu vurğulanır.
Bundan əlavə, 2026-cı il strategiyasında iqlim dəyişikliklərinin təhlükə kimi qeyd edilməməsi də diqqət çəkir. ABŞ-ın diqqət mərkəzində olan digər region isə Latın Amerikasıdır. Pentagon bu bölgədə ABŞ-ın hərbi üstünlüyünün bərpa ediləcəyini və bunun Qərb yarımkürəsində strateji mövqelərin qorunmasına xidmət edəcəyini açıqlayıb.