BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydında ümumi dəyəri 87,5 milyard lirəni aşan investisiyaların açılış mərasimində çıxış edərək, ABŞ-ın son addımları fonunda Avropa və dünyanın şok yaşadığını, İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal nizamın isə açıq şəkildə çatladığını bildirib.
TurkicWorld xəbər verir ki, Prezident Ərdoğan “Ev Sahibi Türkiyə” 6973 mənzil püşkatması, 1482 mənzilin açar təhvil-təslimi, Aydın Şəhər Xəstəxanası və digər tamamlanmış layihələrin toplu açılış mərasimində geniş siyasi və sosial mesajlar verib.
Ərdoğan bildirib ki, Aydında istifadəyə verilən layihələrin ümumi dəyəri 87,5 milyard lirəni ötür və hökumət vətəndaşlara verdiyi bütün vədləri yerinə yetirib. O, sosial mənzil layihələri çərçivəsində ölkə üzrə 500 min mənzilin inşa ediləcəyini, Aydın üzrə isə 6 min 973 mənzil üçün püşkatmanın həyata keçirildiyini açıqlayıb. İlk təhvil-təslimin 2027-ci ilin mart ayından başlanacağı qeyd olunub.
Prezident çıxışında müxalifətin zəlzələ bölgələri ilə bağlı tənqidlərinə də sərt reaksiya verərək, 6 fevral zəlzələsindən sonra 455 mininci mənzilin açarının artıq sahiblərinə təqdim edildiyini xatırladıb və “xalqımıza söz verdik və sözümüzü tutduq” deyib.
Xarici siyasətə toxunan Ərdoğan bildirib ki, Suriyada rejimin devrilməsi ilə yeni mərhələ başlayıb, terror təşkilatları tədricən ərazilərdən çıxarılır və kürdlər də daxil olmaqla bütün etnik qruplar yeni Suriyanın ayrılmaz hissəsinə çevrilir. Onun sözlərinə görə, vahid və təhlükəsiz Suriya yalnız region üçün deyil, bütün Yaxın Şərq üçün sabitlik deməkdir.
Ərdoğan çıxışını qlobal proseslərə toxunaraq yekunlaşdırıb və vurğulayıb ki, dünyada güc balansları dəyişir, beynəlxalq sistem isə köklü transformasiya mərhələsinə daxil olub.