BAKI,TurkicWorld, Orxan Qədirzadə
2000-ci illərin əvvəllərində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Corc Buş arasında baş tutmuş telefon danışıqlarının mətnləri ictimaiyyətə açıqlanıb və iki lider arasında o dövrdə formalaşan yaxın siyasi dialoqu üzə çıxarıb.
TurkicWorld xəbər verir ki, London mərkəzli Səudiyyə nəşri Majalla 2001–2003-cü illəri əhatə edən telefon danışıqlarının sənədlərini yayımlayıb. Sənədlərə əsasən, 11 sentyabr terror hücumlarından dərhal sonra Buşla əlaqə saxlayan ilk xarici liderlərdən biri Vladimir Putin olub və Moskva Vaşinqtonun terrorizmə qarşı mübarizəsinə açıq dəstək nümayiş etdirib.
Yayımlanan materiallarda Putinin Çeçenistan və Gürcüstandakı hərbi əməliyyatları da terrorizmə qarşı mübarizə kontekstində təqdim etməyə çalışdığı bildirilir. 12 sentyabr 2001-ci il tarixli telefon danışığında Corc Buş Putinə dəstəyə görə təşəkkür edib. Putin isə cavabında “Tamamilə yanınızdayam, əmrinizə tabeyəm” ifadəsini işlədib.
Sənədlərə görə, Putin ABŞ rəhbərliyinə Rusiyanın həmrəyliyini göstərmək məqsədilə ölkə üzrə matəm tədbirləri keçirildiyini, bayraqların endirildiyini və əyləncə tədbirlərinin dayandırıldığını da bildirib. Danışıqlarda Moskvanın Vaşinqtondan əsas tələbləri sırasında Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən imtina, hərbi-texniki sahədə anlaşmalar, kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi və terrorizmə qarşı birgə fəaliyyət yer alıb.
Majalla-nın yayımladığı digər sənədlərdə 2003-cü ilin martında, İraqın işğalından bir gün əvvəl keçirilmiş telefon danışığına da yer verilir. Həmin danışıqda Vladimir Putinin ABŞ-ın İraqa müdaxiləsinə kəskin etiraz etdiyi, bunu beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirdiyi qeyd olunur. Buna baxmayaraq, işğaldan sonra Moskvanın Səddam Hüseyn rejiminə açıq dəstək vermədiyi vurğulanır.
Materiallarda bildirilir ki, 11 sentyabr hadisələrindən sonra Rusiya–ABŞ münasibətləri qısa müddətdə xeyli yaxınlaşıb və dialoq daha qeyri-rəsmi xarakter alıb. Lakin Vaşinqtonun Moskvanın əsas tələblərinə cavab verməməsi sonradan tərəflər arasında etimadın zəifləməsinə səbəb olub.