BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranda bütün əyalətləri əhatə edən genişmiqyaslı etirazlar fonunda ölkə rəhbərliyinin gizli şəkildə böyük həcmdə maliyyə vəsaitlərini respublikadan çıxardığı bildirilir. ABŞ tərəfi bu prosesin artıq sistemli xarakter aldığını və beynəlxalq maliyyə kanalları vasitəsilə həyata keçirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Newsmax televiziya kanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda milyonlarla, hətta on milyonlarla dollar İran rəhbərliyi tərəfindən qeyri-qanuni yollarla ölkədən çıxarılaraq dünyanın müxtəlif bölgələrində banklara və maliyyə qurumlarına yönləndirilir.
ABŞ maliyyə naziri bildirib ki, Vaşinqton bu əməliyyatları həm ənənəvi bank sistemi, həm də rəqəmsal maliyyə mexanizmləri vasitəsilə izləyir. O vurğulayıb ki, sözügedən aktivlər nəzarətdə saxlanılacaq və onların təhlükəsiz şəkildə gizlədilməsinə imkan verilməyəcək.
Bessentin sözlərinə görə, ABŞ administrasiyası İran hakimiyyətinə qarşı təzyiqləri əsasən neft ixracına tətbiq edilən məhdudiyyətlər vasitəsilə artırır. Bu siyasət İran rəhbərliyinin maliyyə mənbələrinin kəsilməsinə yönəlib. Nazir qeyd edib ki, son bir ay ərzində ölkədə ciddi maliyyə böhranı müşahidə olunur, banklar müflis olur, inflyasiya sürətlə artır və sərt valyuta çatışmazlığı yaranıb.
Xatırladaq ki, İranda kütləvi etirazlar 28 dekabr 2025-ci il tarixində başlayıb və 1979-cu il inqilabından sonra ən genişmiqyaslı aksiyalar kimi qiymətləndirilir. Etirazlara səbəb kəskin qiymət artımı, yüksək inflyasiya və milli valyutanın dəyərdən düşməsi olub. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, aksiyalar zamanı 2500-dən çox insan həlak olub, ölkədə isə artıq bir həftədir internetə çıxış məhdudlaşdırılıb.
Bundan əvvəl “The Times” qəzeti kəşfiyyat məlumatlarına istinadən yazmışdı ki, İranın ali dini lideri Əli Xameneyi etirazların nəzarətdən çıxacağı halda təxliyə planı hazırlayıb. Məlumata görə, bu plan çərçivəsində onun yaxın çevrəsindən, o cümlədən ailə üzvləri və köməkçilərindən ibarət təxminən 20 nəfərin ölkəni tərk etməsi nəzərdə tutulur.