Son dəqiqə

Dubay

Dubayda ilk sürücüsüz taksi idarəetmə mərkəzi açıldı

BAKI, TurkicWorld

Dubay sürücüsüz nəqliyyat sahəsində mühüm mərhələni geridə qoyaraq Baidu Apollo Go şirkətinin Avtonom Nəqliyyat Vasitələrinin Əməliyyat və İdarəetmə Mərkəzini istifadəyə verib. Bu, Çin texnologiya nəhənginin Çindən kənarda açdığı ilk belə mərkəzdir.

TurkicWorld xəbər veirr ki, 2 000 kvadratmetr sahəyə malik mərkəzin açılışı Dubai Roads and Transport Authority-nin baş direktoru Mattar Al Tayer və Baidu şirkətinin vitse-prezidenti Yunpeng Wang-ın iştirakı ilə Dubai Science Park-də baş tutub.

RTA, həmçinin, Dubay tarixində ilk dəfə olaraq təhlükəsizlik sürücüsü olmadan ictimai yollarda tam avtonom avtomobillərin sınağına icazə verən rəsmi lisenziyanı Baidu Apollo Go-ya təqdim edib. Kommersiya əsaslı sürücüsüz taksi xidmətlərinin 2026-cı ilin birinci rübündə başlaması planlaşdırılır; avtomobil parkının mərhələli şəkildə 1 000 nəqliyyat vasitəsinə çatdırılması nəzərdə tutulur.

Mərkəz avtonom nəqliyyatın idarə olunması, təhlükəsizlik sınaqları, proqram yenilənməsi, texniki xidmət və parkın gündəlik əməliyyatlarına nəzarət funksiyalarını özündə birləşdirir.

Mattar Al Tayer bildirib ki, bu addım Dubayın ağıllı mobillik strategiyasında strateji əhəmiyyət daşıyır və əmirliyin qabaqcıl tənzimləyici mühiti ilə avtonom nəqliyyat texnologiyalarının tətbiqinə hazır olduğunu göstərir.

Baidu rəhbərliyi isə Dubayı Apollo Go platformasının beynəlxalq genişlənməsi üçün əsas mərkəzlərdən biri kimi qiymətləndirərək, layihənin təhlükəsiz, səmərəli və dayanıqlı sürücüsüz nəqliyyat həllərinin tətbiqinə xidmət edəcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər