BAKI, TurkicWorld, Orxan Qədirzadə
Çinin yeni aviadaşıyan gəmisi “Fuçzyan” istismara verildiyi 7 noyabr tarixindən sonra ilk dəfə Tayvan boğazından keçid edib.
TurkicWorld xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin yaydığı açıqlamada aviadaşıyanın boğazdan keçdiyi təsdiqlənib və hadisə ilə bağlı fotoşəkil paylaşılıb. F-16 qırıcısından çəkilən görüntüdə gəminin göyərtəsində heç bir uçuş aparatının olmadığı görünür.
Tayvanın müdafiə naziri Vellinqton Ku Li-syun bildirib ki, ölkənin silahlı qüvvələri gəminin hərəkətini yaxından izləyib və keçid zamanı hərbi məqsədli fəaliyyət əlaməti aşkar etməyib. Onun sözlərinə görə, mövcud ehtimala əsasən, aviadaşıyan texniki baxım üçün Şanxaydakı tərsanəyə qayıdır.
Çin tərəfi gəminin hərəkəti ilə bağlı rəsmi açıqlama verməyib.
“Fuçzyan” Cənubi Çinin eyniadlı əyalətinin adını daşıyır. Gəmi 17 iyun 2022-ci ildə Şanxaydakı Jianqnan tərsanəsində suya buraxılıb və 40 ay sonra - 7 noyabrda Haynan adasındakı hərbi-dəniz bazasında keçirilən mərasimlə istismara qəbul edilib.
“Lyaonin” və “Şandun”dan sonra Çin donanmasının tərkibinə daxil edilən üçüncü aviadaşıyan olan “Fuçzyan”, tamamilə yerli layihə və istehsal hesab olunur.
Gəmi Çinin elektromaqnit katapult sistemi ilə təchiz edilmiş ilk aviadaşıyanıdır. Bu texnologiya təyyarələrin daha güclü start götürməsinə və nəzarətli enişinə imkan verir. “Fuçzyan”ın istismara verilməsi ilə Çin bu texnologiyadan istifadə edən ABŞ-dan sonra ikinci ölkə olub.