BAKI,TurkicWorld
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri dekabrın 15-də Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəklər.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
Onun sözlərinə görə, Avropa İttifaqı sanksiyalar siyahısına daha 40 dəniz gəmisinin adlarını daxil edəcək.
"Biz "kölgə donanması"na aid gəmilərlə bağlı qərar qəbul edəcəyik. 40 əlavə gəmi və yardımçı vasitəni nəzərdə tutmuşuq", – deyə Kallas bildirib.
Bundan əvvəl İsveçrə hökuməti Aİ-nin 19-cu sanksiyalar paketinə qoşulduğunu elan edib. Yeni tədbirlər 13 dekabr 2025-ci il tarixindən qüvvəyə minib.
Avropa İttifaqının oktyabrın sonunda Rusiyaya qarşı tətbiq etdiyi 19-cu sanksiyalar paketi Rusiya bank qurumlarına və kriptovalyutalardan istifadə edilməklə aparılan əməliyyatlara qarşı məhdudiyyətləri nəzərdə tutur. Bundan əlavə, məhdudiyyətlər siyahısına xarici bayraqlar altında üzən və Rusiya neftinin daşınmasında iştirak edən yüzdən artıq tanker daxil edilib. Eyni zamanda, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin ərazisində rusiyalı diplomatların hərəkətinə məhdudiyyətlərin tətbiq olunduğunu da təsdiqləyib.






