BAKI, TurkicWorld, Nərmin Ağayeva
Qərb Fələstini tanımaq üçün heç bir Fələstin dövləti qalmayana qədər gözləyir.
TurkicWorld xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Fələstini tanımaqla bağlı mövqeyini sərt tənqid edib. O bildirib ki, bəzi Qərb ölkələri sentyabrda BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaqlarını bəyan etsələr də, həmin vaxta qədər tanınacaq Fələstin dövləti mövcud olmaya bilər.
Lavrov Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Key Starmer və Kanada baş naziri Mark Karninin verdiyi açıqlamaları xatırladaraq, “Əgər həqiqətən də bu qədər faciələr fonunda Fələstini tanımaq niyyətindəsinizsə, niyə bunu indi etmirsiniz, niyə aylarla gözləyirsiniz?” - deyə sual edib. Onun sözlərinə görə, Avropa Yaxın Şərqdə də, Ukraynada da ciddi diplomatik təşəbbüs göstərmir.
Eyni zamanda Lavrov Ukrayna məsələsinə də toxunaraq bildirib ki, Rusiya etibarlı təhlükəsizlik təminatlarının hazırlanmasını dəstəkləyir, lakin prosesdə iştirak etmədiyi hər hansı mexanizmi qəbuledilməz hesab edir. O, Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin artırılması təklifini irəli sürdüklərini də açıqlayıb.
Qeyd edək ki, avqustun 18-də ABŞ-da Ukrayna prezidenti Vladimir Zelenski ilə bir sıra Avropa liderlərinin görüşü baş tutsa da, Lavrovun sözlərinə görə, bu görüşdən sonra da Avropadan real diplomatik təşəbbüslər müşahidə edilməyib.







