BAKI,TurkicWorld
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərində xüsusi iqtisadi zonaları, istehsal güclərini, bazarları və logistika şəbəkələrini birləşdirəcək ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, təklif Bişkekdə keçirilən ŞƏT-in 25 illik yubiley sammitində irəli sürülüb.
Mirziyoyev bildirib ki, təklif olunan xəritə biznes, investorlar və dövlət qurumları üçün vahid rəqəmsal platforma kimi fəaliyyət göstərməli, sənaye imkanlarının müəyyənləşdirilməsinə, istehsalçıların bazarlarla əlaqələndirilməsinə və ŞƏT ölkələrində investisiya layihələrinin həyata keçirilməsinə yardım etməlidir.
"Əsas məqsəd investisiyaların, texnologiyaların və biliklərin sərbəst hərəkət edə biləcəyi, iri infrastruktur və sənaye layihələrinin həyata keçirilə biləcəyi, regionlar, müəssisələr və insanlar arasında birbaşa əlaqələrin genişlənə biləcəyi qarşılıqlı əlaqə və dayanıqlı məkanın yaradılması olmalıdır", - deyə dövlət başçısı bildirib.
Bu təşəbbüs Özbəkistanın qarşılıqlı əlaqəsi yüksək və dayanıqlı iqtisadi məkanın yaradılmasına yönəlmiş uzunmüddətli "ŞƏT-2040" konsepsiyasının hazırlanması ilə bağlı daha geniş təklifinin bir hissəsidir.
Mirziyoyev həmçinin ŞƏT-in Hökumət Başçıları Şurasına ŞƏT İnkişaf Bankının praktiki fəaliyyətə başlaması ilə nəqliyyat, energetika, sənaye əməkdaşlığı və rəqəmsal infrastruktur sahələrində həyata keçiriləcək layihələr portfelinin seçiminə başlamağı təklif edib.







