Son dəqiqə

BMT İran ABŞ ABŞ Dövlət Departamenti Tehran Yəmən Vaşinqton BMT Təhlükəsizlik Şurası ABŞ İran gərginliyi

İran ABŞ-ın ittihamlarını rədd edir

BAKI, TurkicWorld

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani ABŞ-ın Təhlükəsizlik Şurasının iclaslarında Tehranla bağlı səsləndirdiyi ittihamları qəti şəkildə rədd edib.

TurkicWorld xəbər verir ki, İravani Təhlükəsizlik Şurasının “Yaxın Şərqdə vəziyyət” və “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəmi ilə keçirilən 9954-cü və 9958-ci iclaslarında səsləndirilən iddialara münasibətini məktub şəklində BMT rəhbərliyinə və Təhlükəsizlik Şurasına ünvanlayıb.

Diplomat ABŞ tərəfindən səsləndirilən iddiaları “əsassız, sübutsuz və etibarlı dəlillərdən məhrum” adlandırıb. Xüsusilə İranın Yəmənlə bağlı 2216 saylı BMT Təhlükəsizlik Şurası qətnaməsini pozduğu iddiasını qətiyyətlə təkzib edib.

İravani qeyd edib ki, İran beynəlxalq öhdəliklərinə və Təhlükəsizlik Şurasının qətnamələrinə tam sadiqdir və Yəməndə sülhün yalnız inklüziv, yəmənlilərin rəhbərliyində aparılacaq siyasi proseslə əldə oluna biləcəyinə inanır.

İranlı diplomat Vaşinqtonu Təhlükəsizlik Şurası platformasından sui-istifadə edərək regiondakı öz destabilizasiya fəaliyyətlərini gizlətməyə çalışmaqda günahlandırıb. O bildirib ki, ABŞ Yəməndə hərbi iştirakına və İsrailin bu ölkə də daxil olmaqla regionda həyata keçirdiyi aqressiv siyasətə verdiyi dəstəyə görə məsuliyyət daşıyır.

İravani əlavə edib ki, ABŞ-ın dəstəklədiyi koalisiyanın Yəmənə qarşı tətbiq etdiyi blokada və hərbi əməliyyatlar ölkəni dünyanın ən ciddi humanitar böhranlarından birinə sürükləyib və bu vəziyyət beynəlxalq humanitar hüququn davamlı şəkildə pozulması ilə müşayiət olunur.

Məktubda İran nümayəndəsi BMT-nin diqqətinin ABŞ-ın siyasi manevrləri ilə yayındırıldığını və İsrailin Qəzzada və bölgədə törətdiyi cinayətlərin arxa plana keçdiyini bildirib. O vurğulayıb ki, Qırmızı dənizdə yaranmış vəziyyətin və ümumilikdə regional qeyri-sabitliyin əsas səbəbi İsrailin işğalçı və hüquqa zidd fəaliyyətləridir.

İravani məktubunun sonunda qeyd edib ki, regionda davamlı sülh yalnız beynəlxalq hüququn tələblərinə hörmət edilməklə, işğal və təcavüz siyasətinə son qoyulmaqla mümkündür.

Mövzuya görə xəbərlər