Son dəqiqə

Naxçıvan İran XİN

İranın Naxçıvana dron hücumu nəticəsində 4 nəfər xəsarət alıb (YENİLƏNİB)

BAKI, TurkicWorld

İranın dron hücumu nəticəsində Naxçıvan Muxtar Respublikası Xəstəxanasının təcili tibbi yardım şöbəsinə dörd nəfər müraciət edib.

TurkicWorld xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi Sahib Abuzərov jurnalistlərə açıqlamasında deyib.

“Müraciət edən şəxslərin vəziyyətləri stabildir, ilkin müayinələri olunub. Xəsarət alanlardan iki nəfər barotravma, digər ikisi isə kürək nahiyəsinin küt travması ilə xəstəxanaya daxil olub. Hər birinin müalicəsi davam etdirilir”.

xxx
13:32

5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilməsi nəticəsində xəsarət alanlardan birinin kimliyi müəyyənləşib.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasından bildirilib.

"Xəsarət alanlardan biri 1986-cı il təvəllüdlü Reyhanə Vəliyevadır. Onun durumu hazırda orta-ağır qiymətləndirilir. Müayinəsi müəssisədə davam etdirilir" - xəstəxanadan qeyd olunub.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Mövzuya görə xəbərlər