Son dəqiqə

Azərbaycan Naxçıvan Türkiyə İran

İranın bu hücumu beynəlxalq hüquqa zidd və düşməncəsinə davranışdır - Türkiyəli General

BAKI,TurkicWorld, Fərid Mikayılov

İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki obyektlərə qarşı həyata keçirilən hücum aktı Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasətinin növbəti təzahürüdür

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz TurkicWorld-ə açıqlamasında bildirib ki, Azərbaycan indiyədək İrana qarşı heç bir düşmən mövqeyi nümayiş etdirməyib.

Onun sözlərinə görə, buna baxmayaraq İranın atdığı addımlar beynəlxalq hüquqa zidd və düşmən xarakterli davranış kimi qiymətləndirilməlidir.

Karauz qeyd edib ki, xüsusilə hücumların mülki hədəflərə yönəlməsi, tamamilə qəbuledilməzdir.

“Öz uşaqlarının öldüyü hücumları insanlığa qarşı cinayət kimi qiymətləndirən bir ölkənin mülki hədəflərə qarşı belə addımlar atması nə uyğun, nə də dost münasibət sayılır. Bu, açıq şəkildə düşməncəsinə davranışdır”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycan öz sərhədləri daxilində baş verən hər hansı hücuma cavab vermək hüququna və gücünə malikdir.

Karauz həmçinin İrandan atıldığı bildirilən və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik sursatın NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi məsələsinə də toxunub.

Onun fikrincə, Azərbaycan və Türkiyə regionda strateji gücə malik dövlətlərdir və münaqişənin genişlənməsi İran üçün ciddi nəticələr doğura bilər.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Mövzuya görə xəbərlər