Bakı. TurkicWorld:
Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təsərrüfatında istehsal, ötürmə və təchizat sahələrində fəaliyyət 2025-ci ildə də davam etdirilib, elektrik stansiyalarında və şəbəkə infrastrukturunda planlı əsaslı və cari təmir işləri aparılıb.
TurkicWorld-un məlumatına görə, görülən tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlığın və keyfiyyətin artırılması istiqamətində müsbət nəticələr əldə olunub.
Məlumata görə, hazırda muxtar respublikada ümumi gücü 244,8 meqavat olan elektrik stansiyaları fəaliyyət göstərir. Bu gücün 137 meqavatı istilik elektrik stansiyalarının, 68,4 meqavatı su elektrik stansiyalarının, 38 meqavatı günəş elektrik stansiyalarının, 1,1 meqavatı külək-günəş hibrid elektrik stansiyasının, 0,3 meqavatı isə külək elektrik stansiyasının payına düşür. 2025-ci ildə elektrik stansiyalarında ümumilikdə 507,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Bu göstərici 2024-cü ildə istehsal edilmiş elektrik enerjisindən 22,9 milyon kVt/saat çoxdur.
Bundan başqa, muxtar respublikada "yaşıl enerji" layihələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Nelə ki, ümumilikdə 7 992 hektar torpaq sahəsi, o cümlədən 5 129 hektar günəş, 2 863 hektar isə külək elektrik stansiyaları üçün nəzərdə tutulub.
"Kommunal infrastrukturun yenilənməsi istiqamətində ən mühüm sənədlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 avqust tarixli 685 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"dır. Müvafiq Tədbirlər Planı çərçivəsində istismar müddəti başa çatmış 110 kV-luq "Ordubad-1", "Ordubad-2" və "Culfa" elektrik verilişi xətlərinin ikidövrəli yenidən qurulmasına başlanılmış, "Naxçıvan", "Babək", "Çeşməbasar" yarımstansiyalarında və Regional Rəqəmsal İdarəetmə Mərkəzinin (SCADA) binasında tikinti işləri davam etdirilmiş, "Yeni Culfa" yarımstansiyasının tikintisi isə başa çatdırılmışdır", - məlumatda qeyd edilib.






