BAKI, TurkicWorld
Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl Rusiyadan danışıqlarda iştirak edəcək nümayəndə heyəti və bir sıra yüksək səviyyəli rəsmilərlə görüş keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
O, İstanbul danışıqları ilə bağlı keçirilən bu toplantıda Rusiya nümayəndə heyətinin tam tərkibdə iştirak etdiyini vurğulayıb.
Peskovun sözlərinə görə, görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Andrey Belousov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov və Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotov da iştirak ediblər.
Putin, Türkiyənin ev sahibliyi etdiyi və bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında ölkəsini təmsil edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Məlumata görə, nümayəndə heyətinə Prezidentin müşaviri Vladimir Medinskiy rəhbərlik edəcək.
Heyətdə həmçinin Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş İdarəsinin rəhbəri İqor Kostyukov və Müdafiə nazirinin müavini Aleksandr Fomin yer alacaq.
Qeyd edək ki, Vladimir Medinskiy 2022-ci ildə keçirilən danışıqlarda da Rusiya heyətinə rəhbərlik edib.







