BAKI, TurkicWorld
“Ərdoğan istədi, sanksiyaları ləğv etdim.”
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanında keçirilən Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğv olunacağını bəyan edib.
Tramp çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın bu yöndə çağırış etdiklərini bildirib.
“Ərdoğan mənə Suriyaya qarşı sanksiyaların ləğvini təklif etdi. Yaxın Şərqdəki digər dostlarımız da bu istəyi dəstəklədi. Biz bu sanksiyaları aradan qaldıracağıq” - deyə o qeyd edib.
“Sanksiyalar Suriyanın irəliləməsinə imkan vermir. Ona görə də yeni qərarlar üçün yol açılır” - deyə o, Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bu mövzuya toxunaraq bildirib.
Qeyd edək ki, Ağ Ev Trampın bu gün Ər-Riyadda Suriya prezidenti Əhməd Şaraa ilə qısa görüş keçirəcəyini açıqlayıb. Prezidentin həmçinin 15 mayda İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılmaq ehtimalı var. ABŞ-ın dövlət katibi Marko Rubionun da həmin danışıqlarda iştirak edəcəyi bildirilir.
Səfər zamanı Tramp Səudiyyə kralı və vəliəhd şahzadə tərəfindən yüksək səviyyədə qarşılanıb. Forumda SpaceX və Tesla-nın rəhbəri Elon Musk, ChatGPT-nin sahibi Sam Altman, BlackRock-un baş direktoru Larry Fink və digər nəhəng şirkət rəhbərləri də yer alıb. ABŞ və Səudiyyə arasında 142 milyard dollarlıq silah sazişi də imzalanıb.