BAKI, TurkicWorld
İnstaqram və WhatsApp alışları məhkəməlik olub.
TurkicWorld xəbər verir ki, Meta rəhbəri Mark Zukerberq ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı qaldırdığı antiinhisar iddiası çərçivəsində məhkəmədə ifadə verib.
İddiada Meta-nın Instagram və WhatsApp-ı satın almaqla sosial media bazarında rəqibləri sıxışdırdığı və inhisar yaratdığı bildirilir.
Zukerberq ifadəsində, bu alışların istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıdığını və bazarda TikTok, YouTube və X kimi rəqiblərlə ciddi rəqabət apardıqlarını bildirib.
FTC isə iddia edir ki, Meta rəqibləri neytrallaşdırmaq üçün bu platformaları yüksək məbləğə alıb və bu, rəqabəti pozub.
Qeyd edək ki, 2023-cü ildə Meta gündəlik 3,27 milyard aktiv istifadəçi ilə sosial media sahəsində lider mövqeyini qoruyub. Məhkəmə prosesinin iki ay davam etməsi gözlənilir və nəticənin texnologiya sektorunun gələcək tənzimləmələrinə ciddi təsir göstərəcəyi proqnozlaşdırılır.