BAKI, TurkicWorld
Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı keçirilən danışıqları alqışlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlama verib.
“Biz hər zaman danışıqları nəticələrinə görə qiymətləndiririk. Ümid edirik ki, bu danışıqlardan konkret və hiss olunan nəticələr əldə olunacaq. Əgər müsbət nəticələr əldə edilərsə, biz yalnız məmnun olarıq,” – deyə Rudenko vurğulayıb.
12 aprel tarixində Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndələri arasında dolayı yolla danışıqlar baş tutub. Danışıqlarda İranı xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ı isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib.
Görüşdə əsas mövzu İranın nüvə proqramına məhdudiyyətlər qarşılığında ABŞ tərəfindən bəzi sanksiyaların yumşaldılması olub. Həmçinin, tərəflər bölgədə gərginliyin azaldılması və məhbus mübadiləsi imkanlarını da müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın prezidenti Donald Tramp, Vaşinqton və Tehran arasında nüvə silahı ilə bağlı razılıq əldə olunmaması halında İrana qarşı genişmiqyaslı bombardmanlara başlamaqla hədələyib.