BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Hökümə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər.
TurkicWorld xəbər verir ki, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.
“Bacımın qəhrəmanlığı ilə əbədi fəxr edəcəyik. Biz onun fədakar olduğunu uşaqlıqdan bilirdik”.
O bildirib ki, bu 200 ildən bir baş verən hadisədir:
"Bacım həmişə qəhrəman olacağını deyirdi. Müasir dövrdə hamı Avropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıq öyrənə bilər. Təyyarə qəzasından da o cür səbr nümayiş etdirdi, insanları təşvişə düşməməyə səslədi və qəhrəmanlıqla həlak oldu".
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.







