Fransa Fələstin İsrail Emmanuel Makron Binyamin Netanyahu

İsrail-Fransa arasında Fələstin gərginliyi artır

BAKI, TurkicWorld

İsrailin baş naziri Binyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronu təhqir edən oğlunu müdafiə edib

TurkicWorld xəbər verir ki, Baş nazir X sosial platformasında yayımladığı bəyanatda , “Hər bir vətəndaş kimi, onun da şəxsi fikir bildirmək haqqı var. Amma prezident Makronun tvitinə verdiyi reaksiya qəbuledilməzdir” - deyə bildirib.

Makronun Fələstin dövlətini tanıya biləcəkləri barədə açıqlamasına sərt reaksiya verən baş nazir, oğlunun sözlərini “qəbuledilməz” adlandırsa da, onun “ölkəsinin gələcəyini düşünən əsl sionist” olduğunu deyib.

Netanyahu Makronun iki dövlətli həll yanaşmasını “reallıqdan uzaq xülya” adlandıraraq, belə bir dövlətin mövcudluğunu İsrailin varlığına təhlükə kimi qiymətləndirib. O, Fransa liderinin Fələstin ideyasını dəstəkləməsini “böyük səhv” kimi dəyərləndirib.

“Biz mövcudluğumuzu təhlükəyə atmadan , Fransa üçün təhlükə olmayan müstəmləkələrin müstəqilliyinə qarşı çıxanların mənəvi dərslərinə ehtiyac duymuruq” - deyə əlavə edib.

Yair Netanyahu isə Fransa prezidentinə qarşı sərt sözlər səsləndirərək , “Yeni Kaledoniya, Fransız Polineziyası, Korsika və Bask ölkəsi də müstəqil olsun! Fransız Qvinyası da!” - deyə bildirib. O, Makronun Fələstini tanıma ehtimalına “Cəhənnəm olsun sənə!” ifadəsi ilə sərt bir reaksiya verib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Misirdə verdiyi açıqlamada, yaxın aylarda Fələstin dövlətinin tanınması istiqamətində addımlar atılacağını bildirmişdi. Onun sözlərinə görə, bu məsələ Səudiyyə Ərəbistanı ilə birgə keçiriləcək beynəlxalq konfransda yekunlaşdırıla bilər.

Hazırda Fələstini tanıyan ölkələrin sayı 146-ya çatıb. Bu siyahıya son dövrdə İspaniya, Norveç, İrlandiya, Sloveniya, Ermənistan və Karib hövzəsinin bir sıra ölkələri də daxil olub.

Mövzuya görə xəbərlər