Son dəqiqə

Azərbaycan Pakistan Şahbaz Şərif

Pakistanın baş naziri ölkəsindəki iqtisadi artımı və inflyasiya səviyyəsinin azalmasını qeyd edib

Bakı, TurkicWorld

Pakistan iqtisadiyyatı dayanıqlı artım yolundadır.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərifin bəyanatında deyilir.

Pakistanlı liderin bəyanatını Bakıda Pakistan Milli Günü münasibətilə keçirilən tədbirdə ölkənin Azərbaycandakı səfiri Qasım Mohiuddin oxuyub.

"Pakistan iqtisadiyyatı cəsarətli islahatlar, balanslı siyasət və xalqımızın mətanəti sayəsində dayanıqlı inkişaf yoluna qədəm qoyub. İnflyasiya davamlı şəkildə azalır, investorların etimadı artır, əsas iqtisadi göstəricilər yaxşılaşır. Biz makroiqtisadi əsasları möhkəmləndirmişik və indi daha yüksək inkişaf səviyyəsinə yönəlmişik. Bu tərəqqi beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən də tanınır", - Şərifin bəyanatında qeyd olunub.

O vurğulayıb ki, Pakistan iqtisadi və sosial inkişaf üçün böyük potensiala malikdir.

"Elə bir çağırış yoxdur ki, biz onu dəf edə bilməyək, elə bir maneə yoxdur ki, məqsədimizə sədaqət və ideallarımıza inamla aşmaq mümkün olmasın. Qətiyyət, zəhmət və ortaq arzularımızla biz daha güclü, firavan və mütərəqqi Pakistan qurmağa davam edəcəyik",- deyə baş nazir bildirib.

Mövzuya görə xəbərlər