BAKI, TurkicWorld
Avropa İttifaqında demokratiya böhranı dərinləşir - beş ölkə qanunun aliliyini pozur.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Vətəndaş Azadlıqları hesabatında İtaliya, Bolqarıstan, Xorvatiya, Rumıniya və Slovakiyanın qanunun aliliyini qəsdən pozduğu bildirilir.
Yeni hesabat Avropa Birliyində demokratik dəyərlərin ciddi təhdidlə üzləşdiyini ortaya qoyub. Hesabata əsasən, bəzi hökumətlər məhkəmə sistemlərinə siyasi müdaxilə edir, medianın azadlığını məhdudlaşdırır və dinc etirazları boğur.
Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, Macarıstanda 2024-cü ildə qanunun aliliyində nəzərəçarpacaq azalma müşahidə olunub. Bu ölkədə Suverenliyin Müdafiəsi Bürosunun yaradılması vətəndaş cəmiyyəti və media üzərində təzyiqləri artırıb.
Liberties təşkilatının hesabatında Aİ daxilində demokratik dəyərlərin geriləməsi ilə bağlı xəbərdarlıq edilib. Sənəddə məhkəmə sisteminin siyasi təsir altına düşməsi, korrupsiya ilə mübarizədə zəiflik, sürətli qanunvericilik prosedurlarından sui-istifadə və jurnalistlərə qarşı təzyiqlərin artması xüsusi vurğulanıb.
Avropa İttifaqına üzv 21 ölkədən 43 insan haqları təşkilatının hazırladığı hesabatda qeyd edilib ki, qəti tədbirlər görülməsə, Aİ daha ciddi demokratik eroziya riski ilə üzləşəcək.
Liberties təşkilatının hüquq aliliyi üzrə eksperti Viktor Kazai bildirib ki, son illərdə qanunun aliliyinin əsas prinsipləri getdikcə daha böyük təzyiqlərlə üzləşir. O qeyd edib ki, Aİ bu geriləmənin qarşısını almaq üçün kifayət qədər effektiv tədbirlər görməyib.
Kazainin sözlərinə görə, qanunun aliliyini pozan ölkələr “təxribatçılar” kimi qiymətləndirilir və bu hökumətlərin fəaliyyəti Avropa İttifaqının demokratiya dəyərlərinə ciddi zərbə vurur.
Qeyd edək ki, son illərdə Aİ daxilində bir sıra ölkələrdə qanunun aliliyi və demokratiya prinsipləri ilə bağlı narahatlıqlar artıb. Vətəndaş cəmiyyəti qrupları və beynəlxalq təşkilatlar bu prosesin qarşısını almaq üçün Avropa liderlərini daha sərt addımlar atmağa çağırır.