BAKI, TurkicWorld
ABŞ prezidenti Trampın göstərişi ilə Pentaqon Yəməndə husilərə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ ordusu Yəməndə İranın dəstəklədiyi husi üsyançılarına qarşı 40-dan çox hava zərbəsi endirib. Husilər hücum nəticəsində aralarında mülki vətəndaşların da olduğu 31 nəfərin həlak olduğunu bildirib.
Əməliyyat əsasən paytaxt Sənanın şimalındakı Saada vilayətini hədəf alıb. Xüsusilə Kəhza rayonunda iki yaşayış binasının vurulması nəticəsində azı 15 nəfərin öldüyü bildirilir. Hücumlara cavab olaraq husilər ABŞ-ın "Harry S. Truman" təyyarə gəmisini 18 raket və pilotsuz uçuş aparatı ilə hədəfə aldıqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp sosial media açıqlamasında husilərin hücumlarının ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəldiyini bildirib. O, husilərə müraciətlə “Vaxtınız bitdi. Hücumlarınız dayanmazsa, daha əvvəl görmədiyiniz bir dəlilik başınıza yağacaq” deyə xəbərdarlıq edib.
ABŞ mənbələri hücum planının Tramp tərəfindən cümə günü təsdiqləndiyini və İsrailin bu barədə məlumatlandırıldığını bildirir. Mənbələr qarşıdakı həftələrdə hava zərbələrinin daha da artacağını ehtimal edirlər.
Qeyd edək ki, husilər 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzzaya hücumlarına cavab olaraq Qırmızı dənizdə ticarət gəmilərinə və İsrail ərazilərinə hücumlar təşkil edirlər. ABŞ və müttəfiqləri buna qarşı beynəlxalq hərbi əməliyyatlar həyata keçirsə də, hücumların qarşısını tam almaq mümkün olmayıb.