Son dəqiqə

Bunu bilirsinizmi?

Saturn ətrafında 128 yeni peyk kəşf edilib

BAKI, TurkicWorld

Alimlər Saturn ətrafında daha 128 yeni peyk aşkarlayıblar.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun məlum peyklərinin sayı 274-ə çatıb və bu, planetin Günəş sistemində ən çox peykə sahib olması deməkdir.

Saturn, 95 peyki ilə Yupiteri də geridə qoyub.

Araşdırmalar göstərir ki, 2019-2021-ci illər arasında Saturnun orbitində 62 yeni peyk qeydə alınıb. Ancaq alimlər bu sayın daha da arta biləcəyini düşünərək 2023-cü ildə əlavə müşahidələr aparıblar və nəticədə daha 128 yeni peyk müəyyən edilib.

Yeni aşkarlanan peyklər Yerin peyki kimi iri və dairəvi deyil. Onlar kiçik və nizamsız formalı olduqları üçün "düzənsiz peyklər" kateqoriyasına daxildirlər. Alimlərin fikrincə, bu göy cisimləri Günəş sisteminin ilkin dövrlərində Saturn tərəfindən cəlb edilib və təxminən 100 milyon il əvvəl baş vermiş toqquşma nəticəsində formalaşıb.

Yeni peyklərin əksəriyyəti Saturnun retrograd peyklərinin "Skandinav qrupu" adlanan bölgəsində aşkarlanıb. Bu da həmin ərazidə böyük bir kosmik toqquşmanın baş verdiyini göstərir. Alimlər bu kəşfin Saturnun və ümumiyyətlə, Günəş sisteminin tarixini daha yaxşı anlamağa kömək edəcəyini bildirirlər.

Mövzuya görə xəbərlər