BAKI, TurkicWorld
Yalnız bir gecəlik yuxusuzluq immunitet sistemini zəiflədir və bədəndə iltihabı artıra bilər.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, alimlər yuxu rejiminin immun sisteminə təsirlərini araşdıraraq, yuxusuzluğun xroniki xəstəlik riskini artırdığını müəyyən ediblər. "The Journal of Immunology"də dərc olunan araşdırmaya görə, 24 saat yuxusuz qalan insanların immun hüceyrələrində əhəmiyyətli dəyişikliklər baş verib.
Tədqiqat göstərib ki, yuxu çatışmazlığı şəkər, ürək xəstəlikləri və piylənmə kimi xroniki xəstəliklərin inkişafına səbəb ola bilər. Monositlər adlanan immun hüceyrələri xüsusilə bu təsirlərə həssasdır və zəif yuxu rejimi onların funksiyasını poza bilər.
Araşdırmada 237 sağlam yetkinin yuxu rejimi və immun hüceyrə profilləri araşdırılıb. Nəticələrə görə, obez insanların yuxu keyfiyyəti daha aşağıdır və bədənlərində iltihab səviyyəsi daha yüksəkdir. Alimlər 24 saatlıq yuxu çatışmazlığının da immun sistemində oxşar dəyişikliklərə səbəb olduğunu bildirirlər.
Tədqiqat rəhbəri Dr. Fatema Əl-Rəşid müasir həyat tərzinin yuxu rejimini pozduğunu qeyd edərək, texnologiya və dəyişən sosial vərdişlərin bu problemləri daha da artırdığını vurğulayıb.
Qeyd edək ki, alimlər gələcək araşdırmalarda yuxu pozğunluqlarının immunitetə təsirini daha dərindən öyrənməyi və yuxu sağlamlığının dövlət siyasətlərində prioritet olmasını tövsiyə edirlər.