Bakı, TurkicWorld
Ramazan ayına sayılı günlər qaldığı üçün oruc tutarkən diqqət yetirilməli məqamlar maraq doğurur. Bu il Ramazan ayı keçən illə müqayisədə 10 gün tez başlayacaq. Martın 1-dən ilk sahur yeyiləcək. Bəs, ilk iftar və sahur saat neçədə olacaq? Oruc tutarkən yol verilən səhvlər hansılardır? Ramazan ayında istehlak edilməsi vacib olan və uzaq durulması tövsiyə edilən qidalar nələrdir?
Ramazan ayı müsəlmanlar üçün həm fiziki, həm də mənəvi təmizlənmə fürsəti hesab edilir. Bu ayda oruc tutarkən sağlamlıq və dini qaydalara diqqət yetirmək vacibdir. Mütəxəssislər sahurda balanslı və sağlam qidalar qəbul etməyi, iftarda isə həddindən artıq yeməkdən çəkinməyi tövsiyə edirlər. Bu səbəbdən bədən sağlamlığını qorumaq üçün həm iftarda, həm də sahurda düzgün qidalanmaya diqqət yetirmək lazımdır.
İftarda buraxılan ən böyük səhvlər nədir?
Tez və həddindən artıq yemək – Uzun müddət ac qalan orqanizm qəfildən böyük miqdarda qida qəbul edərsə, həzm problemləri yarana bilər.
Ağır yeməklərlə başlamaq – İftara su və yüngül qidalar (xurma, zeytun, şorba) ilə başlamaq tövsiyə edilir. Sonra 10-15 dəqiqəlik fasilə vermək mədə problemlərinin qarşısını alır.
Şəkərli və qazlı içkilər – Kompot, şirin çay və qazlı içkilərdən çəkinin. Təbii mineral su və bitki çayları daha sağlam seçimdir.
Yüksək karbohidratlı qidaları çox istehlak etmək – Börək, dolma, plov kimi ağır yeməklərdən yalnız birini seçin.
Şirniyyat istehlakını nəzarətsiz etmək – Şərbətli desertlər əvəzinə südlü desertlər və ya dondurma daha sağlam alternativdir. Şirniyyatı həftədə 2 dəfədən çox yeməməyə çalışın.
Ağır qızartmalar və yağlı qidalar – Yeməkləri qril, soba və ya qaynama üsulu ilə bişirmək daha faydalıdır.
Kifayət qədər su içməmək – Oruc tutanlar gün ərzində su itirdiyi üçün iftardan sahura qədər 2-2,5 litr su içmək vacibdir.
Sahurda buraxılan ən böyük səhvlər nədir?
Sahurdan imtina etmək – Bəzi insanlar yatmaq üçün sahur yeməkdən imtina edir, lakin bu, gün ərzində halsızlıq və yorğunluğa səbəb ola bilər.
Sadə karbohidratlarla qidalanmaq – Ağ çörək, şirniyyat, xəmir məhsulları yerinə tam taxıllı çörək, yulaf və ya çovdar çörəyi seçin.
Duzlu qidalardan istifadə etmək – Zeytun, turşu və duzlu pendir kimi qidalar susuzluğunuzu artırır. Mümkün qədər az duzlu məhsullar istehlak edin.
Zülal qəbulunu unutmaq – Toxluq hissini uzun müddət saxlamaq üçün yumurta, qatıq, süd, pendir və kefir kimi protein mənbələrinə üstünlük verin.
Çox yağlı və ədviyyatlı qidalar yemək – Həddindən artıq yağlı və qızardılmış yeməklər sahurdan sonra mədə narahatlığına səbəb ola bilər.
Suyun az qəbulu – Sahurda bol su içmək gün ərzində susuzluq hissini azaldacaq. Mineral su içmək də orqanizmin elektrolit balansını qorumağa kömək edəcək.
Sahurdan sonra dərhal yatmaq – Yeməkdən dərhal sonra uzanmaq həzmsizlik və reflüksə səbəb ola bilər.
Ramazanda sağlam qidalanmaq üçün əsas hansı qaydalara əməl etmək lazımdır?
İftarı su və yüngül qidalarla açmağa çalışın, 10-15 dəqiqə fasilə verin. İlk olaraq, protein və lif baxımından zəngin qidalar istehlak edin. Ağır yeməklər və həddindən artıq karbohidrat qəbul etməyin. Şəkərli və qazlı içkilərdən uzaq durun, əvəzində bol su içməyə diqqət edin.
Sağlam və enerjili Ramazan keçirmək üçün bu qaydalara əməl edin!