BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Ankara üzrə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Türkiyənin Qəzzada mümkün rolu ilə bağlı açıqlamalarından narazılıq ifadə edib və məsələni Vaşinqtonun diqqətinə çatdırıb.
TurkicWorld xəbər verir ki, İsrail Baş Nazirlik Ofisinin açıqlamasına görə, Netanyahu ilə Barak arasında görüş Qərbi Qüdsdə baş nazirin ofisində keçirilib. Görüşdə Qəzzanın gələcəyi və təhlükəsizlik mexanizmləri ətrafında müzakirələr aparılıb.
Məlumata görə, toplantıda İsrailin xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisinin müavini Gil Rayx, Netanyahunun hərbi katibi Roman Qoffman, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi və İsrailin Vaşinqtondakı səfiri Yexiel Layter də iştirak edib.
İsrailin aparıcı nəşrlərindən olan Maariv qəzetinin yazdığına görə, Barakın İsrailə səfəri çərçivəsində ən ciddi fikir ayrılığı Türkiyənin Qəzzada mümkün iştirakı məsələsi ətrafında yaranıb. Nəşr bildirir ki, Qüds ilə Vaşinqton arasında Qəzzanın gələcəyi ilə bağlı mövqelər getdikcə uzaqlaşır və Türkiyə faktoru Tel-Əvivdə ciddi narahatlıq doğurur.
Maariv-in məlumatına əsasən, Tom Barak Netanyahuya Qəzzada yaradılması planlaşdırılan çoxmillətli sabitləşdirmə qüvvəsində Türkiyənin iştirakını dəstəklədiyini çatdırıb. Vaşinqtonda Ankaranın hərbi imkanlarının və regional təsirinin prosesdə tarazlaşdırıcı rol oynaya biləcəyi fikrinin gücləndiyi qeyd olunur.
İsrail tərəfinin isə bu ehtimala kəskin etiraz etdiyi bildirilir. Siyasi mənbələrə istinadən yazılır ki, Tel-Əviv Türkiyənin Qəzzada hər hansı hərbi və ya təhlükəsizlik mövcudluğunu “qırmızı xətt” kimi qiymətləndirir.
İsrail rəhbərliyinin Ankaranın sahədə aktiv rol almasının bölgədəki güc balansını öz əleyhinə dəyişdirəcəyindən narahat olduğu vurğulanır. Nəşrin yazdığına görə, Netanyahu Barakın son açıqlamalarını “narahatedici” hesab edir və bu mövqeyə görə ABŞ prezidenti Donald Trampı da məlumatlandırıb.
Xatırladaq ki, Tom Barak daha əvvəl Türkiyənin Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq qüvvəyə cəlb olunmasını təklif etmişdi. Onun fikrincə, bu addım bölgədə sabitliyin təmin olunmasına töhfə verə bilər.



