BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Tuku şəhərində keçirilən reyd zamanı fələstinli yeniyetməni güllələyərək öldürüb.
TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Beyt-Ləhm şəhərinin cənubunda yerləşən Tuku qəsəbəsində hərbi əməliyyat həyata keçirib. Reyd zamanı israilli hərbçilər tərəfindən açılan atəş nəticəsində 17 yaşlı Əmmar Yasir əs-Sabah həyatını itirib.
Tuku Bələdiyyə Şurasının sədri Teysir Əbu Müfrəh bildirib ki, əməliyyat zamanı yaşayış məntəqəsində nizamsız atəş açılıb və yeniyetmə sinəsindən güllə yarası alıb. Onun sözlərinə görə, hadisə zamanı başqa mülki şəxslər də təhlükə ilə üz-üzə qalıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından – İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatlara başlamasından sonra – İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı reydlərin, saxlanmaların və hücumların sayı əhəmiyyətli dərəcədə artıb.
Hüquq-müdafiə təşkilatları bölgədə mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını davamlı olaraq gündəmə gətirir.