Bakı, TurkicWorld
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın təzyiqlərinə türkcə sözlərlə cavab verərək, nüvə danışıqlarına qapını bağlamadıqlarını, lakin zorla danışıqlara getməyəcəklərini bəyan edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Tehranda keçirilən tədbirdə çıxış edən Pezeşkian ABŞ-ın İrana qarşı "maksimum təzyiq" siyasətinə toxunaraq, Vaşinqtonun İrana sanksiyalar tətbiq edərək eyni zamanda danışıqlar tələb etməsini tənqid edib.
“Biz heç vaxt “danışıq etməyəcəyik” demədik, lap əvvəldən bəyan etmişik ki, dialoq istəyirik. Amma bizə əvvəl sanksiya tətbiq edib, sonra “raketlərdən, silahlardan imtina edin” deməklə danışıqlara məcbur edə bilməzlər,” – deyə Pezeşkian bildirib.
O, nüvə danışıqlarının yalnız qarşılıqlı hörmət çərçivəsində mümkün olduğunu vurğulayaraq, çıxışında türkcə bir şeirə istinad edib:
"Xain körpüdən keçmə, sel aparsın səni.
Tülkü kölgəsində yatma, aslan yesin."
“Yəni namus və azadlıq. İnsan tülkü kölgəsində də yatsa, sel də aparsa, qorxaq kimi yaşamaq mümkün deyil. Bizi hədə-qorxu ilə nəyəsə məcbur edəcəklərini düşünürlər, amma biz hörmət çərçivəsində danışacağıq, təzyiqlərə boyun əyməyəcəyik,” – deyə İran Prezidenti əlavə edib.
ABŞ və İsrailin təhdidlərindən çəkinmədiklərini bildirən Pezeşkian, “Bəziləri Amerikanın dəstəyi səbəbindən İsraildən qorxur, amma biz qorxmuruq və qorxmayacağıq. Cəmiyyətimiz də bu cəsarəti nümayiş etdirməlidir. Allahın köməyi ilə bütün problemlərimizi həll edəcəyik, lakin bu bir gecədə baş verməyəcək,” – deyə çıxışını tamamlayıb.







