Bakı, TurkicWorld
Fransa parlamentinin yuxarı palatası olan Senat, idman yarışlarında hicab və digər dini simvolların qadağan edilməsini nəzərdə tutan qanun layihəsini 210 bəli, 81 əleyhinə səslə qəbul edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Mərkəz sağçı Respublikaçılar Partiyasından (LR) senator Mişel Savin tərəfindən irəli sürülən qanun layihəsi, ictimai idman obyektlərində kütləvi namaz qılınmasına və burkininin istifadəsinə də məhdudiyyətlər gətirir.
Senatdakı müzakirələr zamanı solçu və sağ mərkəzçi senatorlar arasında ciddi gərginlik yaranıb.
Sosialist senator Sylvie Robert, sağçı LR senatorlarını sekulyarizmi alətə çevirərək İslamı hədəf almaqda günahlandırıb.
Yaşıllar Partiyasının (EELV) senatoru Yannick Jadot isə sağ mərkəzçi senatorların İslam mövzusuna həddindən artıq fokuslandığını iddia edib.
Solçu senatorlar bu qanun layihəsinin müsəlman qadınları hədəfə aldığını və cəmiyyətin bölünməsinə səbəb ola biləcəyini bildiriblər.
Qeyd edək ki, bu qanun layihəsi hələ parlamentin aşağı palatası olan Milli Assambleyada müzakirə olunacaq. Layihənin orada da təsdiqlənməsi halında, Fransada idman tədbirlərində hicabın tam qadağan edilməsi qanuni qüvvəyə minə bilər.







