Bakı, TurkicWorld
Nobel mükafatı laureatı və qadın haqları fəalı Malala Yousafzai, müsəlman liderləri Əfqanıstanda qadınlara və qızlara qarşı tətbiq olunan zülm siyasəti ilə üzləşməyə çağırıb.
TurkicWorld xəbər verir ki, Yousafzai, Pakistanın paytaxtı İslamabadda keçirilən qızların təhsili ilə bağlı beynəlxalq konfransda çıxış edərək , Taliban rejiminin siyasətini kəskin tənqid edib.
Konfrans İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Dünya Müsəlman Liqası və Pakistan hökuməti tərəfindən təşkil olunub və müsəlman ölkələrindən siyasi liderləri və alimləri bir araya gətirib. Lakin Taliban liderləri tədbirə dəvət edilsələr də, iştirak etməyiblər.
Malala çıxışında Talibanın qadınlara qarşı sərt siyasətinin İslam dəyərlərinə zidd olduğunu vurğulayıb.
O, Taliban rejimini Əfqanıstanda "gender aparteid sistemi" yaratmaqda ittiham edib. Onun sözlərinə görə, Taliban qadınları ictimai həyatdan tamamilə uzaqlaşdırır, qızların təhsil hüququnu əllərindən alır və qadınlara qarşı zorakı tədbirlər görür.
Malala bildirib ki, Taliban rəhbərliyi qadınlara qarşı tətbiq etdiyi cinayətləri “mədəni və dini əsaslandırmalarla” ört-basdır etməyə çalışır. Lakin o, bu əsaslandırmaların İslam dininə zidd olduğunu qeyd edib.
Malala çıxışında Əfqanıstanda qızların altıncı sinifdən sonra təhsildən kənarlaşdırıldığını da vurğulayaraq, müsəlman liderlərə müraciət edib və bu zülmə qarşı səssiz qalmamağa çağırıb.
Çıxışının sonunda Malala Fələstindəki vəziyyətə də toxunub və Qəzza bölgəsində həyata keçirilən hərbi əməliyyatları pisləyib. O,müharibə zamanı Qəzzadakı təhsil sisteminin tamamilə məhv edildiyini vurğulayıb.
Malala bildirib ki, Qəzzadakı humanitar böhran qadınlar və uşaqlar üçün böyük təhlükə yaradır. "Təhsil qızların hüququdur. Heç bir hökumət onların gələcəyini əlindən ala bilməz. Qızların təhsil hüququ uğrunda mübarizəni davam etdirmək hər bir müsəlmanın borcudur. Müsəlman dünyası artıq bu zülmə səssiz qala bilməz." - deyə sonda o bildirib.
Qeyd edək ki, bu konfransda iştirak Malalanın 2018-ci ildən sonra Pakistana ilk səfəri olub. O, 2012-ci ildə qızların təhsil hüququ uğrunda mübarizə apardığına görə Pakistan Talibanı tərəfindən başından güllələndikdən sonra ölkəsindən təxliyə edilmişdi. Hadisədən sonra Malala Pakistana yalnız bir neçə dəfə qayıdıb.
Onu da qeyd edək ki, Pakistan Talibanı (TTP) ilə Əfqanıstandakı Taliban rejimi fərqli qurumlardır. Lakin hər iki təşkilat qadınlara qarşı sərt siyasətləri ilə tanınır.