Bakı, TurkicWorld
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşə hazırlıqlar davam edir.
TurkicWorld xəbər verir ki,Tramp tərəfindən Milli Təhlükəsizlik Müşavirliyinə namizəd göstərilən Mayk Vals bu barədə ABC News kanalına açıqlama verib.
Mayk Valsın sözlərinə görə, Donald Tramp prezidentliyə başlamazdan əvvəl Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün ciddi addımlar atmağı planlaşdırır.
O, həmçinin qeyd edib ki, Tramp administrasiyası müharibənin diplomatik yollarla dayandırılmasının tərəfdarıdır.
Vals Qəzza zolağında girovların azad edilməsi ilə bağlı da açıqlama verib. O bildirib ki, Donald Tramp bu məsələyə çox ciddi yanaşır və yeni administrasiyanın işə başlamasından əvvəl razılaşmanın əldə olunmasını vacib hesab edir.
Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verərək, Vladimir Putin ilə görüşün planlaşdırıldığını təsdiqləyib.
Lakin Tramp görüşün nə vaxt və harada keçiriləcəyi ilə bağlı təfərrüat verməyib.
Kremlin sözçüsü Dmitri Peskov da açıqlama verərək, Vladimir Putinin Trampla görüşə hazır olduğunu bildirib.