Bakı, TurkicWorld
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdonun istefa verdiyini elan etməsindən dərhal sonra Kanada və ABŞ-ın birləşdirilməsi təklifini gündəmə gətirib.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşdığı açıqlamada bildirib.
“Kanada ABŞ ilə birləşərsə, gömrük tarifləri ləğv ediləcək, vergilər azalacaq və Kanada daim mühasirəyə alan Rusiya və Çin gəmilərindən tamamilə qorunacaq.” - deyə o bildirib.
Qeyd edək ki, Kanadanın baş naziri Castin Trüdo dünən on illik vəzifəsindən istefa verdiyini açıqlayıb. O, hakim Liberal Partiya yeni lider seçənə qədər baş nazir vəzifəsini davam etdirəcəyini bildirib.
Trüdonun istefa qərarı Kanadada parlament seçkilərinin yaxınlaşdığı bir dövrə təsadüf edir. Onun partiyası son aylarda sorğularda dəstəyini əhəmiyyətli dərəcədə itirib və Trüdo ciddi siyasi təzyiqlərlə üzləşib.
Liberal Partiyada yeni liderin seçilməsi prosesinin bir neçə ay çəkəcəyi gözlənilir. Trüdonun yanvarın 20-də ABŞ prezidentliyinə başlayacaq Donald Trampın andiçmə mərasiminə qədər vəzifədə qalacağı ehtimal edilir.