Bakı, TurkicWorld
İtaliyanın baş naziri Giorgia Meloni ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Mar-a-Laqo kurortunda görüş keçirib.
TurkicWorld xəbər verir ki, Meloninin ABŞ-a səfəri zamanı İtaliya-İran əlaqələrində yaranmış gərginlik və italyan jurnalist Sesiliya Salanın İranda həbs olunması əsas müzakirə mövzusu olub.
Görüşdə Trampı məşhur iş adamı və texnologiya nəhəngi İlon Mask müşayiət edib. İki liderin təxminən bir saat davam edən söhbətində jurnalistin azad edilməsi üçün diplomatik addımlar və potensial razılaşmalar müzakirə olunub.
İran hakimiyyəti tərəfindən casusluq ittihamı ilə saxlanılan jurnalist Sesiliya Sala İtaliyada geniş ictimai dəstək qazanıb. Meloni bu məsələni Trampın diqqətinə çatdırıb və jurnalistin azadlığa buraxılması üçün ABŞ-İtaliya əməkdaşlığını gücləndirmək istədiyini vurğulayıb.
Mənbələr bildirir ki, Meloni Salanın azad edilməsi müqabilində İtaliya və ABŞ-ın İrana qarşı birgə addımlar atacağı barədə vəd verib.
Belə ki, İtaliya məhkəmə sistemi və ABŞ hökuməti İranın sanksiya rejimini pozması ilə bağlı elektron avadanlıq və dron texnologiyasının ixracına nəzarəti gücləndirəcək.
İtaliya hökuməti həmçinin son vaxtlar pilotsuz uçan aparatların İrana çatdırılmasında ittiham olunan iranlı mühəndis Mohammed Abedini ilə bağlı hüquqi prosesdə ekstradisiya məsələsini müzakirə edib.
Qeyd edək ki, İranlı mühəndis Mohammed Abedini İtaliya hakimiyyəti tərəfindən blokada rejiminin pozulması və hərbi məqsədlər üçün istifadə edilə bilən elektron avadanlıq təmin etməklə ittiham olunub.
ABŞ və İtaliya hakimiyyətləri Abedinin İrana qayıtmasının qarşısını almaq üçün hüquqi prosedurları nəzərdən keçirirlər. O, keçən il İordaniyada üç ABŞ əsgərinin ölümünə səbəb olan dron hücumlarının təşkilində iştirak etməkdə də şübhəli bilinir.