Bakı,TurkicWorld
Müharibənin uşaqların DNT-sinə təsir göstərməsi ilə bağlı yeni araşdırma ciddi nəticələr ortaya çıxarıb.
TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın Surrey Universitetinin rəhbərlik etdiyi tədqiqat, Livandakı qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşan suriyalı qaçqın uşaqlar arasında aparılıb. Araşdırma nəticəsində müharibə travmasının bioloji səviyyədə ciddi dəyişikliklərə səbəb olduğu müəyyən edilib.
Araşdırmada 6-19 yaş arası 1507 suriyalı qaçqın uşağın tüpürcək nümunələri analiz edilib.
DNT metilasiyası, genlərin aktivləşmə və ya deaktivləşmə prosesində rol oynayan bioloji mexanizmlərdən biridir. Bu proses müharibə, stress və travma nəticəsində təsirlənə bilər.
Uşaqların genetik materialında, xüsusilə sinir hüceyrələrinin funksiyaları və stress reaksiyaları ilə bağlı genlərdə dəyişikliklər müşahidə edilib. Bu dəyişikliklər DNT ardıcıllığını dəyişməsə də, genlərin necə işlədiyini təsir edir.dnt
Araşdırma qızların oğlanlara nisbətən daha ciddi epigenetik dəyişikliklərə məruz qaldığını göstərib. Xüsusilə stressə reaksiya və beyin inkişafı ilə bağlı genlərdə bu təsirlər daha qabarıq olub.
Tədqiqatçılar müharibənin DNT metilasiyası ilə əlaqəli olaraq yavaş epigenetik yaşlanma ilə nəticələndiyini bildiriblər. Bu isə, uşaqların fiziki və zehni inkişafının ləngiməsinə səbəb ola bilər.
Surrey Universitetinin professoru Maykl Pluess bu nəticələri belə şərh edib:
"Müharibənin psixi təsirləri məlum olsa da, bu araşdırma onun bioloji mexanizmlərini ortaya qoyur. Müharibə travmasının genetik səviyyədə uşaqların inkişafına və sağlamlığına uzunmüddətli təsiri ola bilər."
Bu araşdırma müharibə şəraitində yaşayan milyonlarla uşaq üçün yalnız psixoloji deyil, həm də bioloji səviyyədə travmanın dərin təsirlərini nümayiş etdirir. Alimlər bu tapıntıların gələcəkdə uşaq sağlamlığı və inkişafı ilə bağlı yeni yanaşmaların hazırlanmasında əsas rol oynayacağını vurğulayırlar.