Son dəqiqə

Fransa TikTok

Fransız ailələr TikTok-u məhkəməyə verib

Bakı, TurkicWorld

Fransada TikTok-a qarşı məhkəmə iddiası, platformanın zərərli məzmuna görə uşaqları risk altına qoyduğu iddiaları ətrafında yaranıb.

TurkicWorld xəbər verir ki, Fransız ailələri, sosial media alqoritmlərinin uşaqlara özlərinə zərər verə biləcək məzmun təklif etdiyini, intihar və yemək pozğunluqlarına səbəb ola biləcəyini ifadə ediblər.

Belə ki, iddiaçılar arasında qızları intihar edən iki ailə və TikTok-dakı məzmunların övladlarının intihara cəhdinə yol açdığını iddia edən digər dörd ailə də var. Şikayətçilərdən biri isə uşağının TikTok-da yayımlanan məzmunlar səbəbilə yemək pozğunluğuna düçar olduğunu bildirib.

Qeyd edək ki, TikTok, təhlükəli məzmun səbəbilə uşaqlar və gənclər üçün potensial risk yaratdığına görə ABŞ və Avropa ölkələrində də məhkəmə iddiaları ilə qarşılaşıb. ByteDance-ın 2016-cı ilin sentyabrında istifadəyə verdiyi və sürətlə populyarlaşan bu qısa video paylaşma platforması bu gün dünyada 1,6 milyard istifadəçiyə sahibdir.

Onu da qeyd edək ki, bir çox ölkələr TikTok-u təhlükəsizlik və zərərli məzmuna görə müxtəlif məhdudiyyətlərlə üzləşdirib. Məsələn, İordaniya, Hindistan, Əfqanıstan, İran, Pakistan və Tayvan platformanı tamamilə qadağan edib. Digər tərəfdən, Avstraliya, Kanada, İngiltərə və Yeni Zelandiya kimi ölkələr TikTok-un ictimai kompüter və cihazlarda istifadəsinə məhdudiyyət qoyublar.

Mövzuya görə xəbərlər