Son dəqiqə

Vladimir Putin Rəcəb Tayyib Ərdoğan BRİCS

Putin Ərdoğanla görüşdü

Bakı. TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüş keçirir.

TurkicWorld xəbər verir ki, liderlər ticari-iqtisadi əlaqələrin inkişafı perspektivlərini, eləcə də Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə edəcəklər.

Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Putin Ankarada törədilmiş terror aktını qınayıb və bununla əlaqədar Ərdoğana başsağlığı verib.

"İşimizə başlamazdan əvvəl terror aktı ilə əlaqədar sizə başsağlığı vermək istərdim. Mediada Türkiyədə terror aktı baş verdiyi barədə məlumatlar çıxıb", - Rusiya lideri bildirib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankaradakı TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı nəticəsində 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib. Nazirin sosial şəbəkələrdə yaydığı məlumatda iki terrorçunun məhv edildiyi qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Rusiya və Türkiyə liderləri son dəfə Şanxay Əməkdaşlıq Təşkilatının iyul ayında Astanada baş tutmuş sammitindən əvvəl görüşmüşdü.

Əlavə edək ki, oktyabrın 22-də Kazanda XVI BRİCS sammiti başlayıb. Sammit iki hissədən ibarətdir. Birincisi, 2024-cü ildə Rusiyanın BRICS-ə sədrliyinin devizi olan "Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin möhkəmləndirilməsi" mövzusuna həsr olunmuş təşkilata üzv ölkələrin iclasıdır. İkinci hissə "BRICS plus/outrıch" formatında iclasdır, mövzusu "BRICS və qlobal Cənub – daha yaxşı bir dünyanın birgə inşası" olacaq.

Mövzuya görə xəbərlər