Bakı, TurkicWorld
Gürcüstanda demokratik idarəçilik var, ölkəni xalqın seçdiyi hökumət və hamının hörmət etməli olduğu hakim "Gürcü arzusu" partiyası idarə edir. İnsanların seçiminə hörmət etmək demokratiyanın mühüm ifadələrindən biridir.
TurkicWorld Gürcüstanın "Birinci Kanalı"na istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
"2020-ci ildə "Gürcü Arzusu" partiyası hər ikinci seçicinin səsini alanda, bu xalqın iradəsi idi ki, "Gürcü Arzusu" partiyası "Milli Hərəkat"ın və onun heç bir bölməsinin iştirakı olmadan ölkəni idarə etsin. Buna xalq qərar verdi. Bu gün əksəriyyətdə bir partiyanın olması təkpartiyalılıq demək deyil, bunu istənilən dərslikdə oxuya bilərsiniz.
Əks halda, Amerika Birləşmiş Ştatları, Ukrayna, Moldova, digər namizəd ölkələr birpartiyalı olacaq, bu, absurddur. Hər kəsə məsləhət görürəm ki, siyasi nəzəriyyə və hüquq dərsliklərinə yaxşı baxsınlar, orada birbaşa yazılıb ki, bir partiyanın çoxluqda olması təkpartiyalı hakimiyyət demək deyil", – İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, şəffaflığın məhdudlaşdırma ilə səhv salınması ciddi problemdir.
"Gürcüstanda demokratik idarəçilik var, ölkəni xalqın seçdiyi hökumət və hamının hörmət etməli olduğu hakim "Gürcü Arzusu" partiyası idarə edir. Bəziləri bundan bezə bilər, bəziləri yox, amma hər kəs buna hörmət göstərməlidir.
İnsanların seçiminə hörmət etmək demokratiyanın mühüm ifadələrindən biridir. QHT-lərə gəlincə, bizim öz qiymətləndirməmiz ola bilər, amma heç kim QHT-ləri məhdudlaşdırmaq fikrində deyil, QHT-lərin şəffaflığı "Şəffaflıq haqqında" qanunda göstərilən yeganə tələbdir. Ona görə də mən daha obyektiv olmaq istəyirəm, baxmayaraq ki, bütün bunlar müvəqqətidir.
Ukraynada müharibə bitən kimi bu yanlış qiymətləndirmələr dərhal sona çatacaq və Gürcüstan-Aİ və Gürcüstan-ABŞ münasibətləri dərhal sıfırlanacaq ki, bu da bizim üçün prinsipial və strateji əhəmiyyət kəsb edir", – İrakli Kobaxidze əlavə edib.