Bakı. TurkicWorld:
Kolumbiyanın şərqində "Huey II" helikopterinin qəzaya uğraması nəticəsində ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) səkkiz üzvü həlak olub.
TurkicWorld-un məlumatına görə, bu barədə respublika prezidenti Qustavo Petro özünün "X" hesabında məlumat yayıb.
"Humanitar missiya ilə Viçada departamentində olan HHQ-nin səkkiz əməkdaşının həlak olduğunu elan etməkdən təəssüflənirəm. Ölkə üçün bu kədərli anda onların ailələri ilə həmrəy olduğumu bildirirəm", - deyə Petro yazıb.
Kolumbiya HHQ qəza nəticəsində təyyarədə olan bütün personalın həlak olduğunu təsdiqləyib. Qəza zamanı helikopter ekipajı tibbi evakuasiya missiyasını yerinə yetirirdi.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.