Bakı, TurkicWorld
Finlandiya prezidenti Aleksandr Stubb hesab edir ki, Rusiya və Ukrayna arasında danışıqlar məsələsində "başlamağın lazım olduğu nöqtəyə çatılıb".
TurkicWorld xəbər verir ki, bu barədə Finlandiyanın dövlət başçısı "Le Monde" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin İkinci Qlobal Sülh Sammitində Rusiya tərəfini görmək istəyi "kartların düzgün oynanılması" deməkdir.
Stubb qeyd edib ki, hazırda Ukrayna iki ay bundan öncəkindən fərqli olaraq, daha güclü mövqedədir. Müdafiə qüvvələri öz mövqelərinin saxlanılması üçün avadanlığa və vasitələrə malikdir.
"Biz daha yazdakı kimi ümidsizliyə yaxın vəziyyətdə deyilik. Rusiyanın heç bir irəliləyişi də yoxdur. Bizim kəşfiyyatın məlumatına görə, Rusiya irəli gedə bilmir, itkiləri isə əvvəlkindən daha çoxdur", - deyə o vurğulayıb.
"Ukrayna tərəfinin danışıqlar və ya ərazi güzəştləri barədə danışmasının vaxtı gəlib çatıbmı?" sualını cavablandırarkən Stubb deyib ki, mümkün müzakirə prosesini və sülhü bir-birindən ayırmaq lazımdır.
Onun sözlərinə görə, danışıqların başlaması mütləq güzətlərə getməyin lazım olduğu anlamına gəlmir. O qeyd edib ki, bu prosesin uğurlu olması üçün Ukrayna prezidentinə dörd element lazımdır.
"Birincisi, hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilərə aiddir və bu, yalnız onun qərarı olacaq. İkinsici, Ukraynaya təhlükəsizlik təminatı lazımdır. Burada biz ikitərəfli razılıqlar, NATO-ya mümkün yol və əlbəttə, Avropa İttifaqı vasitəsilə kömək edə bilərik. Üçüncüsü, rus hərbi cinayətkarlarının mühakiməsi üçün zəruri ədalət məhkəməsi lazımdır. Və nəhayət, Zelenskiyə öz ölkəsinin bərpa olunması üçün dəstək lazımdır", - Stubb deyib.
Finlandiyanın dövlət başçısı əmindir ki, sülhün əldə olunması naminə təcavüzkar ölkə öz qoşunlarını Ukraynadan çıxarmalıdır, lakin bunu ilkin şərt kimi nəzərdən keçirmək olmaz.
"Biz Qlobal Cənubu inandırmalıyıq ki, Rusiyanın etdikləri imperializmdir. Bu münaqişəyə son qoymaq onların marağındadır. Əgər Si Cinpin (müharibəni dayandırmaq istəsə, o, Putinə zəng edə və "Yetər!" deyə bilər", - deyə fin siyasətçi nəzərə çatdırıb.
Stubb əlavə edib ki, Çin hərbi əməliyyatların dayandırılması üçün çox şey edə bilər, çünki "Rusiyaya münasibətdə güclü mövqeyə" malikdir.
Xatırladaq ki, 28 iyun tarixində Volodimir Zelenski bəyan edib ki, Ukrayna müharibənin bitməsi üçün "anlaşıqlı və detallı" plan hazırlayır. Həmin plan bu il hazır olacaq.